Nuri Gürgür: “Qərb dünyasının psixologiyasına hakim kəsilən bu düşüncə Türkiyənin Avropa Birliyinə qəbul olunmasına əngəldir”

Sevil Yusifova. Ankaraya Xocalı soyqırımın 20-ci ildönümü ilə əlaqədar Türk Ocaqlarının dəvəti ilə getmişdim. Türk Ocaqları Genel başqanı Nuri bəylə tanışlığımız da elə bu səfər çərçivəsində baş tutdu. Yazılarını oxumuşudum deyə onun haqqında artıq öz təsəvvürlərim vardı. Mənim üçün Nuri bəy Alparslan Türkeşin davamçısı, bizə qoyduğu varisi idi. Söhbətimiz zamanı fikirlərimdə yanılmadığımı gördüm. Bitməz-tükənməz millət sevgisi ilə qonağına göstərdiyi diqqəti, ilgisi, mehribançılığı ilə əsl Anadolu insanı idi ev sahibi. Mən Türk dünyasının övliyasıyla qarşı-qarşıya oturmuşdum. Hocamın söhbətlərindən doymaq olmurdu... 
Bu il Türk Ocaqlarının 100 yaşını qeyd etməsini nəzərə alıb Nuri hocamla söhbətimizin xülasəsini sizlərə yetirməyə qərar verdim. Beləliklə... 
Nuri Gürgür 1940-cı ildə Kemaliyedə anadan olub. 1963-cü ildə Ankara hüquq fakültəsini bitirib. Tələbəlik illərində - 1958-1961-ci illər arasında Türk Ocağı Genclik Qolunda qurucularından biri kimi qurumun idarəetməsində çalışıb. Bir müddət jurnalist kimi də fəaliyyət göstərib: Son Havadis Gazetesi, Düşünən Adam dergisi, Ankara Ticarət Postası, Dövlət Dərgisi və s. Türk Ocağı Ankara şöbəsinə başkan seçilib (1993-ci ildən 1994-cü ilə kimi). 1996-cı ildə keçirilən qurultayda isə Türk Ocaqlarının Genel Başkanı seçilib. Hal-hazırda bu vəzifəni icra edir və Türk Yurdu dergisinin baş yazarıdır.

Hocam, bildiyimiz kimi, 2012-ci il Türk Ocaqları üçün çox əlamətdar bir ildir. Belə ki, qurumun 100 yaşı tamam olur. İlk öncə Sizi bu münasibətlə təbrik edirəm. Bir əsr bundan qabaq Türk Ocaqları hansı zərurətdən yarandı?...

- 12 mart 1912-ci ildə yaradılan Türk Ocaqları 100 yaşını qeyd edir. Yarandığı gündən bu yana öz məqsəd və məramına sadıq qalan belə bir qurumun Türkiyədə alternativi yoxdur, dünyada isə barmaqla sayılacaq dərəcədədir. Türk Ocaqlarının qurulması milli varlığımızın ciddi təhlükə qarşısında dayandığı bir dövrə təsadüf edir. Bu o zamanlar idi ki, Osmanlı dövləti daxildən və xaricdən düşmən xəyanətləri ilə üz-üzə durmuşdu, dağılma sürəcini yaşayırdı. Türk Ocaqlarının yaranması belə bir kritik zamanlara təsadüf edirdi.
Yaşanan şərtlər təbii olaraq türk milliyyətçilik fikrini ədəbiyyat və tarix konusundan çıxararaq siyasi və ictimai həyatın əsas olduğunu diqtə etdi. Bu səbəbdən də Türk Ocaqları yaranışından etibarən milli şüur sahibi gənclərin və aydınların marağını özünə cəlb etdi. 1912-1920-ci illər arasında siyasi və sosial, mədəni inkişafa önəmli dərəcədə təsir edib yönləndirə bildi (İstanbul ingilislər tərəfindən işğal edildikdən sonra qurumun fəaliyyəti dayandırılıb).
Türk Ocaqlarının qurulmasında məqsəd ilk nizamnaməsində də açıq, aydın göstərildiyi kimi, milli mədəniyyətimizə xidmət etmək, milli şüur sahibi aydınların yetişməsinə kömək etmək, tariximizi başa salıb öyrətmək, qısacası, Z.Gökalpın da dediyi kimi, “kültür milliyyətçiliyi”nin yaratdığı “milli məktəb” olmaqdır. Bu mənada Türk Ocaqlarının 100 il təmsil etdiyi Türk milliyyətçilik fikri doğrudan da öz tarixi və kültürəl qaynaqlarımızdan, ictimai və siyasi şərtlərimizdən doğan yerli və milli bir xüsusiyyət daşıyır.

Amma bunu ayrıseçkilik kimi qiymətləndirmək də mümkündür.

- Birlikdə yaşamaqdan, ortaq kədərləri, problemləri, sevincləri, gələcəklə bağlı düçüncələri bölüşməkdən qaynaqlanan təbii bir türk milliyətçiliyi Avropanın faşızm kimi xəstəlik, irqçılık, ayrıseçkilik, aqressiv milliyyətçiliyinə bənzədilə bilməz. Bizim millətçiliyimiz varlığımızı qorumaq ehtiyacından doğan, Anadolu mayası ilə, tevhid inancıyla yoğrulan, sevgiyə, mehribançılığa dayanan birləşdirici, qucaqlayıcı bir millət anlayışının ürünüdür. Balkan müharibəsində məğlubiyyətə uğrayan ordunu iki il sonra dirçəldib ayağa qaldıran, milli mücadiləni gerçəkləşdirən bu imandır, əzim və iradədir.

Türk milliyyətçiliyinin ən böyük uğuru olaraq nəyi qeyd edərdiniz?

- Milli dövlətin qurulması Türk milliyyətçiliyinin ən böyük uğurudurdır. Türk Ocaqları isə bunun fikri və fəlsəfi zəmində birləşdiyi ən mühüm məkandır. Aradan keçən 100 ildə Türkiyədə və dünyada başdöndürücü hadisələr yaşandı. 20 il öncə soyuq müharibə sona yetdi, Sovetlər Birliyi dağıldı, Avrasiyada yeni bir siyasi atlas meydana çıxdı. Türk ocaqlarının tam 100 il boyunca inanaraq mübarizə apardığı görüşlərdən biri – 5 türk dövləti quruldu, gerçək oldu. Türk dünyası kimsənin inkar edə bilməyəcəyi bir tablo olaraq ortaya çıxdı.
Türkiyə Cümhuriyyəti bu gun ötən yüz ilin başlanğıcında gələcəyi qaranlıq, dağılma təhlükəsi içərisində çırpınan Osmanlı dövlətindən çox fərqli bir söz sahibidir. Əksəriyyəti gənclərdən olan 75 milyon nüfuzumuz dünyaya açılaraq şəhərləşmə, sənayeləşmə sahələrində çağdaş müasir bir cizgiyə vardı. Qərb dünyası Türkiyəni ciddi bir rəqib olaraq görməyə başlayıb. Türk və müsəlman kimliyimizi dolayısı ilə öz kültür və mədəniyyətlərinə təhdid olaraq görürlər, narahat olurlar. Qərb dünyasının psixologiyasına hakim kəsilən bu düşüncə Türkiyənin Avropa Birliyinə qəbul olunmasına əngəldir. Türkiyə bu qlobalaşma və rəqabət ortamında varlığını qorumaq; iqtisadi siyasi və mədəni sahələrdə özünə qürurlu və hörmət ediləcək bir yer tapa bilmək üçün mədəni dəyərlərinə gərəkli önəmi vermək və qurucu bir mədəniyyətin varisi olduğu bilincini daşımaq zorundadır.

Türkiyənin təməl prinsiplərinin dəyişdirilməsi son müddətin müzakirə mövzusudur. Sizin buna munasibətiniz necədir?

- Bütün dünyanı vətən, bütün insanları millətdaş sayma şəklində kosmopolit bir anlayış liberal baxış olaraq tərcih edilə bilər. Ancaq bu baxış dövlət həyatına, cəmiyyətin xarakterinə hakim olması durumuna gətirilərsə, milli kimliyimizi və bütünlüyümüzü qorumamız imkansız hala gələr. Etnik ayrımçılığın önü açılar. Buna görə də son zamanlar gündəmdə olan Konstutsiyanın dəyişdirilməsi məsələsinin müzakirəsinə çox önəm veririk. Konstutsiya üzərindən Türkiyənin təməl prinsiplərinin dəyişdirilməsinə çalışmalarından narahatıq. Türkiyə insanı inkişaf etmiş ölkələrdəki insanların bütün imkanlarına, haqlarına sahib olmalı, əskikliklər bir an öncə aradan qaldırılmalı, tam və kamil anlamda bir hüqüqi dövlət olmanın gərəkləri yerinə yetirilməlidir.
Ancaq məsələni siyasi projelərin həyata keçirilməsinə vasitə seçmək, yəni ayrı-ayrı qrupların haqlarını tələb acısından ələ alınmasını ayrımçılıq, irqçı-etnikçi yanaşma tərzi nədəniylə yanaşılması qəti qəbul edilməzdir.
Konstututsiyamızdan Türk və Türk kimliyi ilə bağlı ifadələrin çıxarılması tələblərini sosiolojik və tarixi gerçəklərimizi inkar etmək anlamına gəlir. Hər kəs Osmançılıq siyasətinin bir üst kimlik olaraq mənimsənilmədiyini və bölünməyin qarşısını almadığını xatırlamalıdır. Unudulmamalıdır ki, etnik problemlər etniklərə ödüllər verilərək həll edilməz; tam tərsinə, bu tərz yaxınlaşmalar mərkəzdənqaçma hala gəlib qarışıqlıq yaradar, ayrımçılığı gücləndirər.
Kanun-İ Esasdan bu yana Konstutsiyalarda rəsmi dil həmişə türk dili olub. Mozaik bir yapiya sahib olan Osmanlı Dövləti belə dövlət qurumlarında, idaəretmədə ikinci dili işlətməyib. Hər kəsin ana dilini öyrənmək, danışmaq, yazılı və görüntülü halda sərbəst istifadə etmək haqqına sahib olmasına etiraz etmirik. 12 sentyabrdan sonra kürdcənin qadağan edilməsi çox yanlış bir addım idi. Amma bu xətanın düzəldilərək fərqli duruma gəlindiyi ortadadır. Kürdcəyə ikinci dil statusu verilməsi azadlıq tələbi deyil. Buna rəğmən kürdcənin ikinci bir dil halında təhsil dili olaraq, dövlət qurumlarında, idarələrdə sənədləşmələrin bu dildə aparılmasına çalışmaq azadlıq tələbi deyil, iki millətin federativ bir quruluş yaratmaq projesinin təməl bəndidir.

- Amma Türkiyə Avropa Birliyinin öhdəliklərini də yerinə yetirməlidir.

- Türkiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, 2005-ci il və sonrasında həyata keçirilən reformlarla bir çox problemi ortadan qaldırdı. Bu məsələdə Türkiyənin Avropa ölkələrindən daha geridə qaldığını kimsə iddia edə bilməz. Bürokratik əngələrin aradan qaldırılması, yerli idarəetmənin gücləndirilməsi Konstitusiyaya dəyişiliklər edilməsi ilə deyil, qanunlardakı boşluqların doldurulması ilə edilməlidir. 
Türkiyənin günümüzdəki qlobal rəqabət və güc yarışında problemlərinin olması təbiidir. Ancaq bunlar ortaq ağılla həll edilərək, rasional siyasət yeridilərək, 780 min kv.km-lik ölkə bütünlüyümüzə hörmət edən siyasi mərkəzlər tərəfindən ələ alınıb ortaq həlləri tapılacaq xüsusi məsələlərdir. Bu anlayış və işbirliyinin bir an öncə hifz edilərək Türkiyənin 21-ci yüzillikdə haqq etdiyi hala gətirilməsi, siyasi mərkəzlərimizin milli mənafe və ülkülər çərçıvəsində işbirliyi halında olması ən böyük diləyimizdir.

Kaynak: http://www.azadinform.az/news/a-18815.html


PAYLAŞ